Balakən sakinləri bu il yetişən xurmanın satışa yararsız olmasından şikayətlənirlər.
Bu barədə Shimal.News-a rayonun Katex kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, ağaclarda yetişən meyvələrin böyük qismi zədəli və yararsız vəziyyətdədir.
Əkiz, üçüz, hətta daha çox çıxıntı və törəmələri olan xurmalar görünüşcə maraqlı görünsələr də, bizə ciddi çətinliklər yaradıb. Bu ənənəvi kənd təsərrüfatı məhsulu bölgə əhalisinin iqtisadiyyatında mühüm yer tutur.
Hər il sakinlər həyət və bağlarından topladıqları seçmə xurmaları Rusiya bazarlarına göndərir, qalan qismini isə qurutmaqla qış aylarında satış üçün tədarük edirdilər. Lakin bu il zədəli xurmalar nə qurutmağa, nə də satış üçün yararlı olduğundan, yalnız heyvan yemində istifadə olunur.
Fındıq, qoz və şabalıddan sonra indi də xurmada yaranan problem zəhmətkeş fermerlərin maddi vəziyyətini daha da çətinləşdirib.