Şəki-Zaqatala iqtisadi rayonlarında mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.
Bizim.Media-nın məlumatına görə, xəstəliyin sürətlə yayılması fermerlər arasında ciddi narahatlıq yaradıb.
Məsələn, Qaxın Əmbərçay kəndində əhalinin əsas gəlir mənbəyi maldarlıq və qoyunçuluqdur. Sakinlər bildirir ki, onların heyvanları xəstəlikdən əziyyət çəkir. Vurulan vaksinlərin heç bir faydası-keyfiyyəti yoxdur. Vaxtı ilə bir həftə sürən xəstəlik bu dəfə iki həftəni keçib və davam edir.
Ailə gəlirlərinin əsasını maldarlıq təşkil edən Şahin Yusifov bu sahəni dərindən mənimsəyib. Mal-qara arasında böyüdüyünü, xəstəliklərə qarşı mübarizəni də bilənlərdəndir. Lakin bu dəfəki baytar müdaxilələri hələlik çox az faydasını verir.
Onun sözlərinə görə 10 baş mal-qarası var. Onların bir neçəsi camış cinsindəndir. Bu heyvan adətən xəstəliklərə daha dözümlü hesab olunur. Lakin bu dəfə onlar da dabaq xəstəliyinə yoluxub:
“Bizim dolanışığımız maldarlıqdan çıxır. Heyvanlar haradasa 15 gündür bu vəziyyətdədir. Ancaq türkəçarə ilə duzla, manqan (“marqanez”) ilə bir təhər müalicə edirik”, - deyən kənd sakini xəstəlik yayılandan sonra Əmbərçayda 3-4 baş mal-qaranın tələf olduğunu bildirir.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, epizodik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə bir sıra zəruri tədbirlər görülməkdədir.
Respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.