Quba-Xınalıq yolunun 48-ci km-də yerləşən körpü uçma təhlükəsi ilə üz-üzə qalıb.
Bizim.Media-nın məlumatına görə, körpünün dayaqları və bütün hissəsi çökməyə başlayıb.
Son günlər müşahidə edilən yağıntılı hava körpünün uçma təhlükəsini daha da artırıb. Hazırda üzərindən nəqliyyat vasitələri hərəkət edən körpü real təhlükə mənbəyi olaraq ətraf sakinləri və bu yoldan istifadə edən sürücüləri narahat edir.
Təhlükəsizlik baxımından körpü ilə yük maşınlarının hərəkəti dayandırılıb. Yalnız minik avtomobillərinin körpüdən keçidinə icazə verilir.
5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov körpünün qəzalı vəziyyətdə olduğunu təsdiqləyib. Quba icra başçısının birinci müavini Tariyel İbrahimov hazırki vəziyyəti barədə aidiyyəti qurumlara məlumat verildiyini bildirib.
Xınalıq yolunun 42-ci km-də keçən il iyulun 29-da daha bir körpü də uçmuşdu. Hazırda onun yenilənməsi işləri davam edir.