Azərbaycan bineyi-qədimdən pəhləvanları ilə məşhur olub. Bu gün də ölkənin bir sıra bölgələrində pəhləvanlıq sənətini yaşadanlar var. Onlar çoxsaylı döyüşlərdə, güləş yarışlarında və digər idman növlərində öz güclərini, qəhrəmanlıqlarını nümayiş etdirirlər. Azərbaycan pəhləvanları həm də xalqın qəhrəmanlıq və döyüş ruhunu təmsil edirlər.
Pəhləvanlıq, eyni zamanda, Azərbaycanda bir həyat tərzi və fəlsəfə olaraq uzun illər boyu mövcud olmuş, insanları həm fiziki, həm də mənəvi cəhətdən gücləndirmişdir. Bu ənənə hələ də davam edir və gələcək nəsillərə miras qalır.
Onlardan biri də Xaçmazda yaşayan pəhləvan, dünya rekordçusu Laçın Əli oğlu Abdulhüseynovdur.
Shimal.News-un əməkdaşı onunla həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Laçın bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.
- Mən 1986-ci ildə Quba rayonunun Möhüc kəndində doğulmuşam. Pəhləvan ailəsində dünyaya göz açmışam. Doğulduğum kənddə də yaşamışam.
20 ilə yaxındır ki, atamın adını daşıyan Pəhləvan Əli idman klubunda məşqçi kimi fəaliyyət göstərirəm. Vətən üçün sağlam gənclər yetişdirməyə çalışıram. Klubumuzun üzvlərindən iki şəhid, 20 müharibə veteranı var. Hazırda Xaçmaz şəhərində yaşayıram. Ailədə üç qardaşıq. Bir bacımız da var.
- Necə oldu ki, bu idman növü ilə məşğul olmağa başladınız?
- Biz gözümüzü açan gündən idman sahəsi ilə tanış olmuşuq. Mən uşaq olanda həmyaşıdlarım oyuncaqlarla oynayırdılar. Həmin zamanlarda bizim isə oyuncaqlarımız idman əşyaları idi. Kiçik yaşlarımdan idmanın bir neçə sahəsinə marağım olub. Dağıstanın Xalq Pəhləvanı mərhum atam Əli və əmim Qəmbər pəhləvandan bəhrələnmişəm.
Sərbəst güləş, taekvondo, boks, atletika, üzgüçülük və qol güləşi ilə uşaq yaşlarından məşğulam. Sonda pəhləvanlıq sənətini davam etdirmək qərarına gəldim.
- İlk məşqçiniz kim idi və sizə necə bir təcrübə qazandırdı?
- İlk məşqçim atam Əli pəhləvan olub. O, idmanın incəliklərini və pəhləvan sənətini dərindən bilirdi. Əsgərliyini Almaniyada çəkib, idman ustası olub. Dağıstanda Xalq pəhləvanı adını qazanıb. Çətin dönəmlərdə ölkəmizin mədəni irsi sayılan pəhləvan sənətini tanıdıb, təbliğ edib. Hətta Kubada gənclər arasında keçirilən Spartakiadada qələbə qazanaraq bu ölkənin keçmiş prezidenti Fidel Kastro tərəfindən şəxsən mükafatlandırılıb. 2010- cu ildə 23 yaşımda atamı avtomobil qəzasında itirdim. Sonradan əmim Qəmbər pəhləvan və qardaşım Hüseyn pəhləvan bu sənətin daha öyrənə bilmədiyim sirlərini mənə öyrətdilər.
- Dünya rekordçusunuz. Bu haqda danışardınız. Hansı sahə üzrə rekordu qazandınız?
- 9 dəfə rəsmi dünya rekordçusu olmuşam. Qafqaz Dünya Rekordlar Federasiyası və Ukrayna Rekordlar Federasiyası tərəfindən qeydə alınmışam. Sonuncu rekordumuz Rusiyada oldu. Bütün uğurlarımızı qardaşım Hüseyn pəhləvanla əldə etmişik. Biz Azəri qardaşları (Azeri brothers) adı altında ölkəmizi təmsil etmişik.
Qeyri-adı üsulla göz qapaqlarında ağırlıq daşları qaldırmaqla və üzərimizdən maşın keçirməklə rekorda imza atdıq.
- Pəhləvanı nə motivasiya edir?
- Pəhləvanı motivasiya edən xalqının sevgisi və dövlətinin dəstəyidir. Xalqımızdan hər zaman böyük sevgi, rəğbət və dəstək görmüşük. Gücümüzü birinci Allahdan, ikinci xalqdan almışıq.
- Pəhləvanın qarşılaşdığı ən böyük çətinliklər nələrdir?
- Sevə-sevə sənətinlə məşğul olursan, lakin maddi sıxıntılar çətin gəlir. Mən ilk dəfə 2014-cü ilin avqust ayında ölkəmizi Gürcüstanda 30 min insanın qarşısında təmsil edib, 2 qat dünya rekordçusu oldum. Həmin yarışa bankdan iki min manat kredit alıb, yollanmışdım. O kredit hələ də ödənilməyib. Maddi sıxıntılar olsa da, yenə də geri çəkilmədik.
- Uğurlu anlarınız və ən böyük qalibiyyətləriniz haqqında danışardınız.
- Açığı bütün çıxışlarımız uğurlu alınıb. Demək olar ki, bütün səfərlərdə böyük uğur əldə etmişik. Təkrar saysaq MDB ölkələrində və Avropanın 24 dövlətində olmuşuq. İtaliyada Tu Si Qua qeyri-adi istedad yarışmasında uğursuzluqla qarşılaşmışıq. Çıxışımız efirə verilməyib. Verilişi idarə edənlər mənfur düşmənlərimizin qanını daşıyanlar idi. Onların istəklərini qarşılamadıq, verilişdən imtina etdik. İclas keçirildi, bizim istəyimiz nəzərə alındı. Nəticədə çıxışımız yayımlanmadı.
- Ən çətin rəqibləriniz kimlər olub və onlara qarşı hansı üsullardan istifadə etmisiniz?
- Çətin rəqib deyərkən biz mübahisəli yarışmalarda rəqib qismində olmamışıq. Yəni rəqib göstəricilərimizin fərqliliyi reallığı nəzərə alınaraq seçilib.
- Hər bir pəhləvanın uğurlu karyera qurmaq üçün xüsusi bir yol izləməsi lazımdır. Sizin yolunuz nə olub?
- Bizim yolumuz xalqımıza məxsus olan qədim pəhləvan sənətimizin itib-batmamasıdır. Məqsəd bu sənəti yaşatmaq və gənclərə aşılamaqdır. Aidiyyəti qurumlar dəstək göstərməlidir. Həm karyera qurulmalı, həm də dövlət üçün qazanc əldə edilməlidir. Bu sənətdə böyük karyera qurmaq mümkündür. Təəssüf ki, dəstək və dəyər yoxdur.
- Uğurlarınızın arxasında hansı şəxsiyyətlər dayanır?
- Uğurlarımızın arxasında sevimli xalqımızın verdiyi dəyər dayanır. Elə gün olub ki, dəvət aldığımız yarışdan maddi vəziyyətimizə görə imtina etmişik.
Lakin elə də olub ki, bir-iki saat keçib, Qubadan iş adamları buna imkan verməyiblər. Bunu danmaq vicdansızlıq olar. Qubalı iş adamları və imkanlı şəxslər həmişə arxamızda olublar. İstər maddi, istərsə də mənəvi heç bir dəstəklərini əsirgəməyiblər. Mənəvi olaraq xalqımızın dəstəyi böyük ruh yüksəkliyi verib.
- Hər bir qələbə və məğlubiyyətin bizə öyrətdiyi bir dərs var. Həyatınızda hansı məğlubiyyət sizə ən böyük dərsi verdi?
- Şükürlər olsun hələ ki heç bir məğlubiyyətlə üzləşməmişik. İnşallah ki, olmaz da. Bizə məğlubiyyətdən yox, qalibiyyətdən dərs almaq nəsib olub. Dərs o olub ki, bununla kifayətlənməyək, daha da inkişaf edək.
Bu sənəti biz öz gücümüzlə Amerika, Avstraliya, Fransa, İtaliya, Kolumbiya və bir çox ölkələrdə təmsil edib, tanıtmışıq. Biz heç bir ölkəyə müraciət edib, getməmişik. Əksinə, özləri bizə dəvət məktubu göndərib, dəvət ediblər.
- Pəhləvanlıq karyerası bitdikdən sonra nələr etmək istərdiniz?
- Hazırda 38 yaşım var. Karyeramı bitirmək niyyətim də yoxdur. Gənc pəhləvanlar qurupum var. Onlara bu sənətin sirlərini öyrədirəm.
- Bu sahə ilə məşğul olanlar sizcə artıbmı? Gənclərə nə tövsiyə edərdiniz?
- Bu sahə itib-batmışdı. Biz müxtəlif elementlər əlavə edərək, məşğul olduq. Böyük Talant şou-proqramında çıxışlarımızdan sonra gənclərdə də böyük maraq yarandı. Hazırda çox olmasa da, böyük ruh yüksəkliyi və həvəslə bu sənəti öyrənmək istəyən, məşğul olan gənclərimiz var.
Bu sənəti ilk növbədə Mədəniyyət nazirliyi dəstəkləməli və dəyərləndirməlidir. Bu nazirliyə Pəhləvan ancaq Novruz şənliklərində və tədbirlərdə lazım olur. Əlbəttə gənclərimizə tövsiyə edərəm. Bu yol sağlam və mədəni yoldur. Pəhləvan bir sənət və idman növüdür. Gənclərimiz nə qədər sağlamlıqla məşğul olsa, düşüncələri də sağlam olacaq. Ətrafları da sağlam olacaq. Bu sənətlə bağlı gənclərimizə hər zaman dəstək olmuşam.
- Gündə neçə dəfə məşq edirsiniz?
- Gün ərzində 1 saat 30 dəqiqə məşq edirik. Yarışa az qalmış hər gün 1 saat məşq edirik. Səhnə məşqləri 2-3 saat olur. Səhnədə hər şeyə diqqət edirik. Çünki bu sənət ölkənin mədəniyyətini, gücünü təbliğ edir. Səhnədə nə səhv etsən, sənin yox, ölkənin adına yazılır. Çünki xalqın sənətini nümayiş etdirirsən. Xalqın qarşısında cavabdehlik və məsuliyyət daşıyırsan.
- Neçə medalınız var?
- 20 medalım, 100- ə yaxın fəxri fərman, diplom və sertifikatım var.
- Gələcəkdə hansı hədəfləri var?
- Biz artıq dünya rekordçusuyuq. Ginnesin Rekordlarına rəsmi namizədik. Pandemiya səbəbindən bir çox uğurlarımız arxa plan keçdi. Planımızda əsas səfər Böyük Britaniyayadır. Ginnesin Rekordlarına nəinki öz adımızı, Azərbaycanımızın adını yazdırıb, bu sənətlə vidalaşacağıq.
Nəzrin Vahid