Xaçmaz şəhəri Məmməd Əmin Rəsulzadə küçəsində antisanitar vəziyyət sakinləri narahat edir.
Bununla bağlı Shimal.News-a danışan yerli sakinlər bildiriblər ki, sözügedən küçədə 5 ədəd zibil qutusu qoyulub:
“Digər küçələrdə yaşayanlar da məcburən tullantılarını bu əraziyə gətirib atırlar. Zibil qablarının sayı az, tullantı isə çoxdur. Nəticədə qablar dolub-daşır, küçəni üfunət bürüyür. Axşam saatlarında qoxudan nə pəncərəni açmaq, nə də küçəyə çıxmaq mümkün olur. Yayılan pis qoxu birbaşa antisanitar şərait yaradır, bu isə xəstəliklərin yayılmasına səbəb ola bilər”,- deyə sakinlərdən biri söyləyib.
Başqa bir sakin isə əlavə edir ki, problem təkcə tullantıların çoxluğu ilə məhdudlaşmır. Onun sözlərinə görə, məişət tullantıları müasir texnika ilə deyil, köhnə tipli “KamAZ” markalı yük maşınları ilə daşınır:
“Xaçmaz şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin təmizlik işçiləri tullantıları yığmağa gəldikdə, zibilləri qabdan birbaşa yerə tökür, sonra bel ilə maşına yükləyirlər. Bu zaman zibillərin suyu ətrafa yayılır. Üstəlik, həm lapatka, həm də maşının yaratdığı səs-küy bizi bezdirib”.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan təcili tədbir görülməsini tələb edirlər.
Məsələ ilə bağlı Shimal.News-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, bu kimi hallarla bağlı tez-tez müraciətlər daxil olur:
“Məişət tullantılarının bu formada ətrafa atılması və qoxu yayması birbaşa antisanitariyadır. Bu həm ətraf mühitə, həm insan sağlamlığına, həm də ekosistemə ciddi zərər vurur. Yerli icra orqanları bu kimi ərazilərə nəzarəti gücləndirməli və vəziyyəti aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görməlidirlər”.