Quba rayonunun Vladimirovka kəndində kənddaxili yolların vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Uzun illərdir əsaslı təmir aparılmayan yollar həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Yol örtüyündə dərin çalalar əmələ gəlib, bəzi hissələrdə isə yollar tamamilə keçilməz hala düşüb.
Məsələ ilə bağlı Shimal.News-a danışan kənd sakinləri bildiriblər ki, bu problem bir neçə ildir davam edir və aidiyyəti qurumlara dəfələrlə edilən müraciətlərə baxmayaraq, indiyədək heç bir real tədbir görülməyib.
“Yağış yağan kimi yollar palçığa qərq olur, maşınlar keçə bilmir, uşaqları məktəbə aparmaq müşkülə çevrilir. Yayda isə toz-torpaq kəndi bürüyür. Bu vəziyyət artıq dözülməz hal alıb”, - deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə qeyd edib ki, yolların təmir olunmaması kənd təsərrüfatı işlərinə və gündəlik həyatlarına ciddi təsir göstərir:
“Əkin-biçinlə məşğuluq, məhsulumuzu bazara çıxarmaq istəyəndə yollar əngəl yaradır. Bəzən elə olur ki, taksi belə kəndə girmək istəmir”.