Bu gün məişət tullantılarının idarə edilməsi insan cəmiyyəti üçün ciddi bir problemə çevrilib. Xüsusən də tullantıların insan həyatına və təbiətə vurduğu ziyan hər gün artır, qarşısı alınmaz ekoloji problemlərin dərinləşməsinə, tullantıya məruz qalan ərazilərin ölçüsünün böyüməsinə səbəb olur.
Shimal.News xəbər verir ki, Quba rayonunun Alpan və Qəçrəş kəndlərində "Turizm əhəmiyyətli kəndlərdə məişət tullantılarının idarəolunmasına dəstək" layihəsi icra olunur.
Layihə çərçivəsində turizm baxımından əhəmiyyətli olan Alpan kəndində 8 ədəd zibil qutusu yerli sakinlərin istifadəsinə verilib. Eləcə də ətraf mühitin mühafizəsi, tullantıların çeşidlənməsi, kompostlanması və tullantıların idarəolunması məqsədilə marifləndirmə işləri aparılıb.
Bütün bunlar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə dəstəyi, rayon rəhbərliyinin dəstəyi və Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilib.
