Quba şəhərində fəaliyyət göstərən 1 nömrəli marşrut xətti üzrə avtobuslardan narazılıqlar artmaqdadır.
Shimal.News-a daxil olan şikayətlərə əsasən, vətəndaşlar bu marşrut xətti üzrə hərəkət edən mini tipli avtobusların texniki və funksional çatışmazlıqlarından narahatdırlar.
Məlumata görə, hazırda 1 nömrəli xətdə 2019-cu ilin noyabr ayında istifadəyə verilmiş 18 oturacaqlı, mini tipli 19 avtobus xidmət göstərir. Onlar istismar müddəti başa çatmış köhnə nəqliyyat vasitələrinin əvəzinə gətirilib. Sərnişinlər Təzə Avtovağzaldan başlayan bu xətt üzrə 0.50 AZN gediş haqqı ödəyərək şəhərdaxili ərazilərə səfər edirlər.
Lakin vətəndaşlar bildirirlər ki, avtobuslarda ayaq üstə dayanan sərnişinlər üçün əl tutacaq yoxdur. Bu səbəbdən, avtobus hərəkətdə olarkən insanlar ya oturacaqlardan yapışmalı, ya da pəncərəyə söykənməli olurlar. Bu isə həm təhlükəli, həm də narahat vəziyyət yaradır.
Digər əsas narazılıq isə marşrutun hərəkət sürəti ilə bağlıdır. Əslində 10 dəqiqə çəkəcək məsafəni bu marşrut bəzən 30-40 dəqiqəyə qət edir. Bu, həm işə gedən, həm də məktəb və ya digər təyinatlara tələsən sakinlərin narazılığına səbəb olur.