Quba rayonu 1-ci Nügədi kəndinin "5-ci məhəllə" adlanan yaşayış sahəsində yol problemi illərdir həll olunmur.
Məsələ ilə bağllı Shimal.News-a danışan sakinlərin sözlərinə görə, ərazi əsas asfalt yoldan 4 km aralıda yerləşir və bu məsafə yalnız çınqıllı, palçıqlı, yararsız bir yolla qət olunur.
Onlar bildirirlər ki, hər gün uşaqlar məktəbə, yaşlılar və digər vətəndaşlar isə işə və xəstəxanaya getmək üçün bu yolu zülmlə keçirlər. Avtomobillərlə hərəkət çətinləşib, yağışlı havalarda isə yol demək olar ki, keçilməz olur.
“İki il əvvəl gəlib baxdılar, yolun ölçüsünü götürdülər, texnika gətirib torpağı hamarladılar. Dedilər ki, payızda asfalt töküləcək. Amma o gündən bu günə nə yol salınıb, nə də kimsə maraqlanıb,” - deyə sakinlərdən biri əlavə edib.
Sözügedən ərazidə 500-ə yaxın ev və təxminən 1300 nəfər sakin yaşayır.
Sakinlər aidiyyəti qurumlardan bu problemin tez bir zamanda həll olunmasını istəyirlər.