Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının əhalisinin köməkliyi ilə 35 il əvvəl rus hərbi qatarının qarşısı Xudat dəmiryol stansiyasında alındı.
Bizim.Media-nın məlumatına görə, bu hadisə ilə bağlı xatirələrini ovaxtkı Milli Azadlıq Hərəkatının Xaçmazdakı lideri, hazırda "Şimal xəbərləri" qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev danışıb.
1990-cı ilin yanvar ayının 2-ci ongünlüyü paytaxtda olduğu kimi, Xaçmazda da çox gərgin idi. Şimal bölgəsinin əhalisi yaxınlaşan təhlükəni əvvəldən hiss etmişdi.
Şayiələr həqiqət oldu, yanvarın 17-si xəyanətkar Sovet ordusunun 978 saylı hərbi eşelonu Rusiyadan Azərbaycanın Yalama dəmiryolu stansiyasından ölkəmizə daxil oldu və bir qədər irəliləyəndən sonra Xudat dəmiryol stansiyasında qatarın qarşısı kəsildi.
Hər kəs anlayırdı ki, hərbi eşelon Bakıya çatsaydı, faciənin miqyası daha böyük və qurbanlarının sayı çox olacaqdı. Müqavimət və mübarizlik nəticəsində qatar ana yoldan çıxarılaraq geri göndərildi.