Bakının Hövsan qəsəbəsində "Malakanka" MMC-yə məxsus konservləşdirmə və ət məhsullarının emalı müəssisəsində yoxlama aparılıb.
Shimal.News xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Malakanka" MMC-yə məxsus müəssisədə sənədsiz ət, yararlılıq müddəti bitmiş məhsullar və təkrar istifadə olunan qablaşdırmalar müəyyən edilib.
Yoxlama zamanı müvafiq sənədləri olmayan ət və digər xammallar, həmçinin emal sahəsində istifadə edilmiş fritür yağları aşkarlanıb.
Müəyyən edilib ki, məhsullar Bakıda istehsal olunsa da, bəzi turşu və kolbasa məhsullarının etiketlərində istehsal ünvanı kimi İsmayıllı rayonunun İvanovka kəndi göstərilib.
Bundan başqa, müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları, eləcə də tərkibi, istehsal tarixi, yararlılıq müddəti və mənşəyi barədə məlumat olmayan turşular aşkarlanıb.
Müəssisənin yaxınlığındakı yarımtikilidə isə "Malakanka" əmtəə nişanlı süd məhsullarının təkrar istifadə üçün nəzərdə tutulmuş qablara qanunsuz şəkildə qablaşdırıldığı müəyyən edilib.
Aşkar olunan nöqsanlarla bağlı tədbir görülüb. Yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsi, nöqsanlar aradan qaldırılanadək isə müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.![]()
![]()
![]()
![]()
![]()