Xaçmazın Rəhimoba kənd məktəbinin buraxılış sinifində oxuyan şagirdlərin valideynləri övladlarına görə narahatdırlar.
“Xezerxeber.аz”ın məlumatına görə, bu hala səbəb təhsil ocağında Riyaziyyat, Rus və İngilis dili fənlərindən dərs deməyə müəllimlərin olmamasıdır.
150 yaşayış evi olan kəndin məktəbi 9 illikdir. Kənd sakinləri bildirirlər ki, müəllim olmadığı üçün övladları riyaziyyat və xarici dil fənlərindən heçnə bilmirlər.
Məsələ ilə bağlı Quba-Xaçmaz regional təhsil idarəsi bildirildi ki, il ərzində vakant yerlər yarandıqda ehtiyat kadrlar hesabına müəllimlər cəlb edilir. Bu və ya digər səbəbdən qeyd olunan vakant yerə təyinat aparılması mümkün olmadıqda, əvəzçilik qaydasında məktəbə yaxın məsafədə yerləşən digər ümumi təhsil müəssisəsindən eyni fənn müəlliminin tədrisə cəlb olunması üçün addımlar atıla bilər.
Xaçmazın Rəhimoba kənd məktəbində yeni yaranan vakant yerlər də qısa müddətdə müəllimlərlə təmin olunacaq.