Son günlər yağan qar bağ sahiblərinin sevincinə səbəb olub.
Shimal.News məlumat verir ki, fermerlərin sözlərinə görə, bu dövrdə yağan qar kənd təsərrüfatı üçün olduqca faydalıdır. Belə ki, qar örtüyü ağaclara zərər vuran həşərat və qurd-quşların məhv olmasına şərait yaradır, bu da yaz mövsümündə məhsuldarlığın artmasına müsbət təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, qar eyni zamanda torpağı qoruyur, onu şaxtadan saxlayır və nəm balansını tənzimləyir. Qış yuxusundan oyanan ağaclar yaz aylarında torpaqda toplanmış bu nəmdən doyunca faydalanacaq.
Bundan əlavə, dağlıq ərazilərdə yığılan qar yay aylarında tədricən əriyərək çay və arxlara axacaq, nəticədə suvarma üçün su ehtiyatlarının formalaşmasına mühüm töhfə verəcək. Fermerlər ümid edirlər ki, bu il yağan bol qar məhsuldar və bərəkətli mövsümün xəbərçisidir.