Elm sahəsində geniş biliyə və təcrübəyə malik olan şəxslərə alim deyirlər. Dərin bilik sahibi olan bu şəxslər öz sahələrində tədqiqatlar aparar, yeni biliklər yaradar, öyrətdikləri sahələrə böyük təsir göstərər və ümumiyyətlə cəmiyyətə xidmət edərlər.
Shimal.News-un əməkdaşı Quba rayonun Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitunun baş elmi işçisi, alim Mədət Mirzəhməd oğlu Qurbanov ilə danışıb.
Müsahibəni təqdim edirik:
- Mədət bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.
- Mən 6 sentyabr 1954-cü ildə Quba rayonunun Xanəgah kəndində kolxozçu ailəsində anadan olmuşam. Orta təhsilimə doğulduğum kənddə başladım. 1971-ci ildə Quba rayonunun Güləzi kənd orta məktəbini bitirib, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsinə qəbul oldum. 1971-1973-cü illərdə Bakı şəhərində leytenant Şmidt adına Maşınqayırma zavodunda fəhlə işləmişəm. 1973- cü ilin sentyabr ayından Azərbayan SSR Elmlər Akademiyasının (indiki AMEA) A.I. Qarayev adına Fiziologiya İnstitutunda laborant, sonra isə baş laborant olaraq çalışdım. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bioloq ixtisası üzrə bitirdim.
1979-cu ilin yanvar ayından müsabiqə yolu ilə seçildiyim Ə. Rəcəbli adına Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Bitki Mühafizəsi şöbəsində kiçik elmi işçi vəzifəsində işlədim. 1981-ci ildə keçmiş SSRİ-nin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Ümumittifaq Elmi Tədqiqat Bitki Mühafizəsi İnstitutunun məqsədli aspiranturasına daxil oldum.
- Tədqiqat sahəniz haqqında danışın.
- 1981-ci ildən indiyədək tumlu, çəyirdəkli, subtropik (feyxoa, nar, xurma və s.) meyvə bitkilərinin xəstəlik və zərərvericilərdən mühafizəsinə aid Meyvəçilik və Çayçılıq ETİ-nin Bitki mühafizəsi şöbəsində aparılan elmi- tədqiqat mövzularının rəhbəriyəm. 1987-ci ildə Ümumittifaq Elmi Tədqiqat Bitki Mühafizəsi İnstitutunda “Azərbaycan SSR-də tumlu meyvə bitkilərinin qurumadan mühafizəsinin bioloji əsaslandırılması” mövzusunda dissertasiya işini müdafiə edərək “Bitkilərin zərərverici və xəstəliklərdən mühafizəsi” ixtisası üzrə biologiya elmləri namizədi alimlik dərəcəsini almışam.
1981-98-ci illərdə Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda Bitki mühafizəsi şöbəsinin müdiri oldum, 6 İyun 1990-cı ildə SSRİ Nazirlər Sovetinin nəzdində olan Ali Attestasiya Komissiyası tərəfindən mənə baş elmi işçi (dosent) elmi dərəcəsi verildi. 1997-ci ildə üzərində işlədiyim “Bağbanın məlumat kitabı” nəşr olunub. 1998-2004-cü illərdə həmin şöbədə baş elmi işçi kimi fəaliyyət göstərdim. Bu illərdə həm də Kənd Təsərrüfatı Nazirliyinin Samur Sərhəd Bitki Karantini Məntəqəsində aparıcı müfəttiş vəzifəsində çalışdım.
2004-2013-cü illərdə Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərdim. 2019-cu ildə “Alma və armudda dəmgil xəstəliyi” və “Meyvə bitkilərinin qurumasına səbəb olan xəstəliklər” kitabçalarım işıq üzü gördü.
2013-2022-ci illərdə Quba Regional Aqrar Elm Mərkəzində (RAEM) elmi işlər üzrə direktor müavini oldum. 2022-ci ildən indiyə kimi aparıcı mütəxəssis vəzifəsində çalışıram. Hazırladığım yeni tərkibli bağ məlhəminə görə ixtiraçı kimi müəlliflik şəhadətnaməsi aldım.
Tədqiqatlarınızda qarşılaşdığınız ən çətin məsələlər nələr olub? Onları necə həll etdiniz?
- Qarşılaşdığım problemləri Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Botanika İnstitutlarının alimləri ilə birlikdə həll edə bilmişik.
Elmi işinizin əhəmiyyəti və cəmiyyətə verdiyi dəyər barədə fikirləriniz nələrdir?
- Elmi tədqiqat işimizin əhəmiyyəti respublikada, o cümlədən, şimal bölgəsində meyvə bitkilərinin xəstəlik və zərərvericilərinin araşdırılması, onlara qarşı mübarizə tədbirləridir. Aparılan işlərin nəticəsində bağlarda bol və ketfiyyətli məhsul əldə edilib, həmçinin ətraf mühitin çirklənməsinin qarşısı alınıb.
Şimal bölgəsindəki yerli cəmiyyət və mədəniyyətin elmi fəaliyyətlərə olan təsiri barədə nə düşünürsünüz?
- Şimal bölgəsi mədəniyyət mərkəzi və tarixin bir parçası olub. Burada görkəmli dövlət xadimləri və tanınmış alimlər republikamız üçün yaddaqalan işlər görüblər. Hazırda Qubada Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və Regional Təlim Mərkəzi fəaliyyət göstərir. Meyvəçilik İnstitutu respublikada, o cümlədən, şimal bölgəsində bağçılıq elminin müvafiq aktual sahələrinə aid tədqiqat işləri aparır. Təlim Mərkəzi isə şimal bögəsindəki fermerlər ilə daim əlaqə saxlayır və onlara kənd təsərrüfatı elminə aid elmi texnologiyalar haqqında mütəmadi məlumatlar verir. Qubada Azərbaycan Dövlət Pedaqoji Universitetinin filalı və Quba Sosial ixtisas kolleci fəaliyyət göstərir.
Şimal bölgəsinin iqlimi və təbiəti tədqiqatlarınıza necə təsir edir? Bu regionun unikal xüsusiyyətləri tədqiqat sahənizdə hansı yeni yanaşmaların yaranmasına səbəb olub?
- Şimal bölgəsinin unikal torpaq iqlim şəraiti burada meyvəçiliyin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi üçün münbit şərait yaradır. Burada alma, armud, heyva, gilas, şaftalı, gavalı, alça, qoz, fındıq, şabalıd kimi meyvə bitkilərinin yeni sortlarının yaradılması və onların becərmə texnologiyalarına aid tətbiqi tədqiqat işlərinin aparılması üçün gözəl şərait var.
Qlobal iqlim dəyişikliklərini nəzərə alaraq bu bitkilər zərərverici xəstəliklərin də yeni aspektlərdə öyrənilməsinə imkan yaradır. Şimal bölgəsində tədqiqat işləri aparılması üçün Elmlər Akademiyasının Quba filalının yaradılmasına ehtiyac var.
- Şimal bölgəsində təhsil və elmin inkişafı üçün hansı əlavə dəstək və təşviq mexanizmləri lazım ola bilər?
- Mövcud institutların maddi texniki bazası genişləndirilməlidir. Elmi məqaələrin rayon miqyasında işıqlandırması üçün qəzet çap olunmalıdır. Bu tədqiqat üçün önəmlidir. Elmə həvəsi olan gənclər cəlb olunmalıdır. Məktəblərdə təbliğat aparılmalıdır ki, kənd təsərrüfatına yönəlsinlər.
- Sizcə, bu regionda daha çox elmi işlər və tədqiqatlar üçün potensialı olan hansı sahələr mövcuddur?
- Ümumiyyətlə şimal bölgəsində arxeoloji qazıntılar aparılmayıb. Arxeologiya və Coğrafiya institutları yaradılmalıdır. Kənd təsərrüfatında müasir texnologiyadan geniş istifadə olunmalıdır.
- Şimal bölgəsindəki gənc alimlərə hansı məsləhətləri verərdiniz?
- Mən 47 ildir ki, elm sahəsindəyəm. Gənc alimlərə tövsiyəm odur ki, elmə həvəsləri varsa, gəlsinlər. Elmə yanğısı olanlar gəlsin. Başdansovdu yanaşmaq olmaz. Yalnız marağı olanlar yönəlməlidir. Yoxsa, alim ola bilməzlər.
- Gələcəkdə Şimal bölgəsində hansı istiqamətdə elmi inkişaf və yeniliklərə ümid edirsiniz?
- Əlbəttə ki, ümidim var. Kənd təsərrüfatı, arxeologiya və turizm sahələrində yeniliklər olacaq. Kənd təsərrüfatında baza var. Arxeologiya institutu yaradılmalı və turizm inkişaf etdirilməlidir. Gələcək üçün perspektivi var.
- Bu regionda təbiət və ətraf mühitin qorunması ilə bağlı aparılan tədqiqatların nəticələri necə istifadə edilir?
- Şabranda Şahdağ Dövlət Qoruğunun ofisi var. Oradan qoruyurlar.
- Şimal bölgəsində elmi tədqiqatların aparılması ilə bağlı yerli resurslardan və infrastruktura olan əlçatanlıqdan razısınızmı?
- Bölgəmiz tədqiqat işi aparmaq üçün əlçatandır. Yerli resursların və infransturukturun əlçatanlığı mümkündür.
Nəzrin Vahid