Ali Məhkəmədə Xaçmaz rayonunda tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən Faiq Cəbrayılov barəsində verilmiş qərardan daxil olan kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar elan edilib.
Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilib. Məhkumun əməli Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsindən həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilib. Faiq Cəbrayılova 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, hadisə 2024-cü il martın 2-də Xaçmaz rayonunun Qaraqurdlu kəndi ərazisində yerləşən kafedə baş verib. Faiq Cəbrayılov aralarında yaranmış mübahisə zamanı Kamran Niftəliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.
Məlumata görə, hadisəyə səbəb Kamran Niftəliyevin sərxoş vəziyyətdə Faiq Cəbrayılovu təhqir etməsi olub. Tərəflər kafedən uzaqlaşdıqdan sonra zərərçəkmiş şəxs mübahisə zəminində Faiq Cəbrayılova yüngül xəsarət yetirib. Bundan sonra təqsirləndirilən şəxs cibində gəzdirdiyi kəsici-deşici alətlə Kamran Niftəliyevə ümumilikdə 17 dəfə ardıcıl zərbə vuraraq onu öldürməyə cəhd edib.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Cəbrayılov Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sumqayıt Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməmişdi.