Bakının Xəzər rayonunda 2008-ci il təvəllüdlü, Ağsu rayon sakini Mərdan sevdiyi qızın nişanlısı Kənanı bıçaqlayıb.
Demokrat.az-ın məlumatına görə, Mərdan öyrənib ki, Səidə 18 yaşı tamam olduqdan sonravalideynlərinin istəyi ilə Kənanla nişanlanacaq. Bundan sonra o, Kənanla telefon əlaqəsi saxlayaraq, Səidədən ayrılmasını tələb etsə də, qarşı tərəf bu tələblə razılaşmayıb.
Hadisə ötən il fevralın 20-də saat 20:30 radələrində Binə qəsəbəsində yerləşən marketin yaxınlığında baş verib. Görüş zamanı tərəflər arasında mübahisə yaranıb və qısqanclıq zəminində Mərdan bıçaqla Kənanın qarın nahiyəsinə xəsarət yetirib.
Mərdan Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham olunub və məhkəmədə özünü təqsirli bilib. O, ifadəsində Kənandan qorxduğunu və onu yalnız qorxutmaq istədiyini bildirib.
Zərərçəkmiş Kənan Səidə ilə nişanlı olduqlarını təsdiqləyib. Səidə ifadəsində Mərdanı sevdiyini, lakin ailə qərarına görə Kənanla nişanlandığını da deyib.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mərdana 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib, lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.
Qeyd edək ki, adlar şərtidir.