Azərbaycanın istənilən guşəsində incəsənətə, o cümlədən aktyorluq sənətinə böyük hörmətlə yanaşılır. Quba şəhəri də mədəniyyət və incəsənət sahəsinə istedadlar bəxş edib.
Səhnə ilə yaşayanlar da həmişə diqqət mərkəzində olur, onlara böyük məhəbbət və qayğı göstərilir. Belə şəxslərdən biri də məşhur aktyor Faiq Mirzəyevdir.
Aktyor 1965-ci ildə Quba şəhərində anadan olub. 1972-ci ildə Quba şəhəri 2 saylı orta məktəbinin 1-ci sinfinə gedib. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsinə daxil olub və 1992-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Musiqili Komediya teatrına dəvət alıb.
O, eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçıları teatrında “İlham” miniatür teatrının səhnəsində də bir sıra yaddaqalan obrazlar yaradıb.
Shimal.News–un əməkdaşı onunla həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Faiq bəy necəsiniz, işləriniz necə gedir?
- Diqqətiniz üçün çox təşəkkür edirəm. Son dövrlər məndə ruh yüksəkliyi yaranıb. Qubanın inkişafdan geri qalmaması, maarifləndirici tədbirlərin tez-tez təşkili məndə ruh yüksəkliyi yaradır. İnkişaf üçün hər kəs öz töhfəsini verir. Bu da çox sevindirici haldır.
Xüsusən də gözləntilərim çoxdur. Qubanın mədəni həyatında böyük çevriliş və tərəqqi olacağına ümid edirəm. Böyük işlər vəd olunub. Ümid edirəm ki, bu sahədə sahibkarlar, iş adamları mədəniyyət və incəsənətin inkişafına yardımlarını əsirgəməyəcəklər. Bu, çox vacibdir. 21-ci əsrin insanı incəsənətə daha yaxın olmalıdır. Çünki mədəniyyəti və tarixi olmayan regionun inkişafından söhbət gedə bilməz. Ümidlərim çoxdur.
- Həyatınızda hansı rolu ən yaddaqalan və əhəmiyyətli hesab edirsiniz?
- Əslində hər bir aktyor üçün onun oynadığı bütün rollar əziz və doğmadır. Onları bir-birindən ayırmaq olmur. Çünki gərgin əmək və əziyyət var. Tamaşaçılar arasında ən çox sevilən obraz Qanlı Yanvar filmindəki Nəcəf Nərimanov obrazıdır. Uğurlu obrazlardan biridir. Düşünürəm ki, tamaşaçılar da bu filmi və obrazı çox sevirlər.
- Film və teatr arasında nə kimi fərqlər görürsünüz? Hansı sahəni daha çox sevirsiniz?
- Ayrı-ayrı sahələrdir. Bu sahələrin hər birində aktyordan fərqli yanaşma tələb edilir. Çünki teatrın öz xüsusiyyətləri var. Kənardan baxanda asan görünür. Hər bir uğurlu kino aktyoru, uğurlu teatr aktyoru ola bilmir. Eyni zamanda uğurlu teatr aktyoru da kinoda uğur qazana bilmir. Hər birinin öz çətinlikləri var. Teatr canlı ifadır. Tamaşaçının gözü qarşısındadır. Kinonu öz tələbləri var. Kinoda rejissor nə çəkirsə və nə istəyirsə, onu oynamalısan. Teatr fərqlidir. Canlı sənət növüdür. Başqa səmtdə oynaya bilmirsən.
- Sizcə, yaxşı bir aktyor olmaq üçün nə qədər təcrübə və təhsil lazımdır? Gənc aktyorlara hansı tövsiyələri verərdiniz?
- Yaxşı aktyor olmaq üçün illər boyu təcrübə lazımdır. Mən hər şeyi bilirəm deyə bir şey yoxdur. Hər bir obrazi yenidən yaradırsan, sıfırdan başlayırsan. Həmin obrazı öyrənməyə başlayırsan. Hər bir yeni obraz səni sıfırlayır. Gənc aktyorlara və aktyor olmaq istəyənlərə tövsiyəm odur ki, bu fikri rəhbər tutsunlar.
Aktyor bütün obrazları canlandıra bilir. Çoban, həkim və mehtər də ola bilirsən. Bütün ixtisaslar barədə ümumi məlumata sahib olmalıdır ki, obrazını yarada bilib, sevdirsin.
Aktyor peşəsini seçən insanlar fərqlidirlər. Bir sənəti bilməklə kifayətlənmirlər. Aktyor hansısa bir hərbçini canlandırırsa, hərb elmini öyrənir. Məşhur aktyorlar günlərlə, saatlarla,bəzən aylarla obrazı mənimsəmək üçün onun sənətinin sirlərini öyrənirlər. Bəzən qurban verirlər. Obraza görə, ilk növbədə savadlarını artırsınlar. Poeziya və ədəbiyyata yaxın olsunlar. Çoxlu mütaliə etsinlər. Etməsələr, tamaşaçıları təəccübləndirə bilməyəcəklər. Aktyor hansısa bir videoçarxda kamera qarşısına keçmək deyil. Aktyor ədəbiyyatımızın, poeziyamızın, musiqimizin və mədəniyyətimizin təbliğatçısıdır.
- Hazırda üzərində çalışdığınız layihə haqqında bizə bir az məlumat verə bilərsinizmi?
- Hazırda bir neçə layihə üzərində iş gedir. Bu yaxınlarda yeni filmin çəkilişləri başa çatdı. Azərbaycan Dövlət Televiziyası və Azərbaycan Dövlət Hava Yollarının birgə layihəsi olan “Səma xanımı” adlı flmdən söhbət gedir. Hazırda montaj prosesindədir. Film Azərbaycanda, Qafqazda və Şərqdə ilk təyyarəçi qadın olan Leyla Məmmədbəyovadan bəhs edən bioqrafik filmdir. Dövlət Televiziyasında nümayiş olunacaq. Bu filmdə rol aldım. Uçuş müəllimi Salamov obrazını canlandırdım. Filmin çox hissəsii Qubada çəkilib. Leyla Məmmədbəyova da Qubada dünyaya göz açıb. Bir layihə də var. Bu layihədə isə alman rəssamının obrazını canlandıracam. Bu yaxınlarda çəkilişlərimiz başlayacaq.
2024-cu ildə bir neçə filmə çəkilmişəm. Kamera qarşısına keçdiyim seriallar da var. Azərbaycanda ilk uşaq serialı yayımlanacaq. Çəkilişlər yay aylarında baş tutub və sifarişçi Mədəniyyət nazirliyi ilə İctimai televiziyadır. Böyük gözləntilərim var. Bu günə qədər uşaq serialları çəkilməyib. Nəinki uşaqlar, böyüklər də həvəslə izləyəcək. Çox maraqlı bir obrazım var. Bu yaxınlarda yayımlanacaq.
- Bir çox film və seriallarda rol aldınız. Bu populyarlığın müsbət və mənfi tərəfləri nədir?
- Biz aktyorların istəyi odur ki, filmlərə çox çəkilək. Zaman və vaxt gedir. İki il öncə göründüyün kimi görünə bilmirsən. Hər bir aktyorun qazanc yeri onun çəkildiyi film və seriallardır. Sənət qurbanlar tələb edir. Gündəlik həyatda insanlar dincəlir, istirahət edir. Aktyorların isə istirahət günü olmur. Rahatlığı olmur.
Aktyor hansısa filmə çəkilib, öz populyarlığını düşünürsə, o düzgün deyil. Gənclərin arasında belə yanaşma var. Aktyor populyar olmalıdır ki, seriala dəvət alsın. Mən heç vaxt populyar olmaq haqqında düşünməmişəm. Mən hesab etmirəm ki, populyar olmaq üçün filmə çəkilməlisən. Tamaşaçı səni seçməlidir. İnsanların sevgisi səni populyarlaşdır bilər. Biz də adi insanlarıq. Hamı kimiyik. Gənclər populyarlığın arxasınca getməsinlər. Səhv yolda olmasınlar. İşini görüb, oynadığı obraza ciddi yanaşasan, populyarlıq qazana bilərsən.
- Bu günlərdə Azərbaycan kino sənətinin vəziyyətini necə qiymətləndirirsiniz?
- Kino sənəti bu gün həm tənəzzül, həm də eyni vaxtda inkişaf mərhələsindədir. Kinomuzda itirdiklərimiz çox olub. Biz elə böyük sənətkarlarımızı itirmişik ki... Bir çoxu dünyasını dəyişib, bir qismi ölkədən gedib, inciyənlər də var. Ürəkaçan deyil.
Amma sevindirici odur ki, inkişaf mərhələsindədir. Gənclərə ümidliyik. Az-az da olsa, yeni filmlər çəkilir. Aralarında uğurlu olanlar da var. Müəyyən vaxt lazımdır. Bizdə bu inkişafın içərisindəyik. Dəstək olmağa hazırıq. O baxımdan inanıram ki, kinomuzun yaxşı gələcəyi olacaq. Etibarlı əllərdədir.
- Həm teatrda, həm də ekranda işlər görürsünüzsə, hər iki sahədəki təcrübələrinizi necə müqayisə edərsiniz?
- Mən teatrda az bir müddət işləmişəm. 1996-cı ildən sənət taleyimi televiziyaya bağlayaraq Qubada fəaliyyət göstərən “Xəyal” və “Qütb” televiziyalarının təşəkkül tapmasında böyük əmək sərf etdim. 2007-ci ildən Azərbaycanda ilk rəqəmsal televiziya kimi fəaliiyətə başlayan və yayım dairəsi daha geniş olan RTV-nin yaranmasıda fəal iştirak etdim. Bu telekanalda aparıcı kimi işə başlayaraq yaradıcılıq departamentinin direktoru vəzifəsinə qədər yüksəldim. RTV-də çalışdığım 5 il ərzində yerli televiziya kadrlarının hazırlanmasında və bir çox müəllif verilişlərinin ərsəyə gəlməsində bir müəllif və aparıcı, bacarıqlı rejissor kimi də fəaliyyət göstərdim. Müxtəlif vaxtlarda ARB (Region) TV-də aparıcı, rejissor, yaradıcılıq departamentinin direktoru, baş redaktor və layihə rəhbəri kimi fəaliyyət göstərdim.
Teatr mənim üçün çox nostalji bir yerdir. Mən bu gün də teatrda işləmək istəyirəm. Fikrimdə teatr var. Teatrdan başqa heç bir yerdə rahatlıq tapmıram. Tamaşaları izləmək mənə həzz verir. Mən teatrdan aldığım enerjini heç bir yerdən ala bilmirəm. Ən sevdiyim yer teatr və təbiətdir.
- Aktyorlar maaşlarından narazıdırlar. Siz nə düşünürsünüz?
- Aldığım məvacibdən narazı və ya razı ola bilərsən. Gördüyün iş müqabilində aldığın dəyər səni qane etməyə bilər. Mən şükür edən insanam. Ən çətin, imkansız qaldığım vaxtlarda da şükür etmişəm. Əgər qismətində ruzi qapının açılması varsa, bunu yaşayacaqsan.
- Teatrlarda rejissor çatışmazlığı olduğu deyilir. Siz bu barədə nə düşünürsünüz? Hazırda teatrınızda aktyor və ya rejissor çatışmazlığı varmı?
- Teatrlarımızın vəziyyəti ürəkaçandır. Hansı teatrın qapısın döysəniz, yeni tamaşalar var. Yeni əsərlərə quruluş verilib. Gənclərə ümid edirik, meydan veririk. Gənc aktyorlar və rejissorlar bizim yaşlı nəsil ilə birgə çalışırlar. Təcrübə mübadiləsi var. Gənclər yaşlı nəsildən həmişə öyrənməlidirlər. Böyük teatr təcrübəsi olanlardan öyrənməlidirlər. Yaşlı nəslin də gənclərdən öyrənməli olduğu məqamlar var. Çox istedadlı rejissor və aktyorlar var. Qıtlıq yoxdur. Bu bolluq heç vaxt olmayıb.
- Teatrlara maraq, teatrlarımızın indiki səviyyəsi sizi qane edirmi?
- Teatrlara maraq çox azdır. 21-ci əsrin insanı, tamaşaçısı teatrdan uzaq düşüb. İnsanlar teatra yaxın olmalıdırlar. Digər qonşu dövlətlərə gedirik görürük ki, insanlar axın-axın teatra gedir. Əvvəllər Azərbaycanda da böyük məbəd idi. Teatr mənəviyyat daşıyıcısıdır. Ədəbdir. O qədər öyrənəcəyimiz şey var. Teatr əyləncə yeri deyil. Müasir insanın gündəlik gedəcəyi yer olmalıdır. Övladlarımızın mükəmməl formalaşması üçün teatra getmək şərtdir. Böyük bir nəslin yetişdirilməsi üçün məktəb, elm -təhsil və teatr əsasdır.. Bunlar yoxdursa, inkişaf zəif olacaq.
Nəzrin Vahid