Azərbaycan musiqisinin dahisi, işığa, inkişafa, yeniliyə yol açan Üzeyir Hacıbəyovun adını daşıyan bir küçə... Amma bu küçə işıq saçmır. Əksinə, qaranlığa qərq olub. Xaçmaz şəhərinin mərkəzində yerləşən bu yol gecələr sanki unudulmuş notlara bənzəyir – naqis, nizamsız və melodiyasını itirmiş.
Sakinlərin Shimal.News-a dediyinə görə, küçədə işıqlandırma sistemi demək olar ki, mövcud deyil. Bəzi dirəklər işıq saçmır, bəzilərinin lampası ümumiyyətlə yoxdur, işləyənlər isə özbaşına bir ahəng yaradıb – biri yanır, biri sönüb, biri isə solğun işıq yayır. Kənardan baxanda bu mənzərə bir pianonun dillərini xatırladır. Ağ və qara dillər kimi bir-birini əvəz edən işıq ləkələri küçəyə sirli, amma eyni zamanda qorxulu bir ab-hava bəxş edir.
Amma bu, yalnız bədii bir bənzətmə deyil. Burada hər addımda real təhlükə var. Yolun kənarında piyadalar üçün səki yoxdur, insanlar məcbur qalıb avtomobil yoluna çıxırlar. Gecənin qaranlığında, zəif közərən lampalar altında, sürətlə hərəkət edən maşınların arasında yol tapmağa çalışan insanlar sanki ölümün ritminə ayaq uydurmağa çalışırlar.
Bu küçə sakinləri üçün təhlükəsizlik bir xəyal olub. İllərdir yerli icra strukturlarına edilən müraciətlər cavabsız qalıb. Onlar işləyən işıq dirəkləri, normal hərəkət şəraiti və qorxusuz bir yol üçün ümid edirlər. Amma hər gecə bu ümidlər Xaçmazın qaranlıq küçəsində yox olub gedir.
Üzeyir Hacıbəyovun adı bir zamanlar Azərbaycan musiqisinə işıq saçdı. Amma onun adını daşıyan küçədə bu işıq çoxdan sönüb..
View this post on Instagram