Xaçmazın "İzmaylovka" yaşayış məntəqəsində yaşayan sakinlər tez-tez elektrik verilişində yaranan fasilələrdən şikayət edirlər.
Shimal.News-a müraciət edən sakinlər bildiriblər ki, gün ərzində bəzən 5-6 saat elektrik təminatında fasilələr yaranır. Bu da onların gündəlik yaşamlarını çətinləşdirir:
"Elə bir gün olmur ki, işıq sönməsin. Axşamlar insanlar işdən evə gələndə saatlarla elektrik olmur. Telefonlarımızı vaxtında şarj edə bilmirik, dünyadan xəbərimiz olmur. Televizora baxa bilmirik, soyuducuya qoyduğumuz ərzaqlar xarab olur, ziyana düşürük" - deyə yerli sakinlər bildiriblər.
Məlumat üçün bildirək ki, ötən gün Xaçmaz rayonunda güclü külək müşahidə olunub. Bu səbəbdən 30-a yaxın yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. İllərdir vətəndaşların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yerli idarəsinə və qaynar xəttinə müraciətlər heç bir nəticə vermir.