Qusar rayonunun Hiloba kəndində yüzlərlə sakin illərdir ki, içməli su problemi ilə üz-üzədir.
Baku TV-nin məlumatına görə, kənddə su xətti olsa da, həmin su içməyə tamamilə yararsızdır.
Sakinlər bu suyun həm zibil qarışıq, həm də pis qoxulu olduğunu desələr də, başqa seçimləri olmadığı üçün onu istifadə etmək məcburiyyətindədirlər.
Kənddə yaşayanlar bildirir ki, su problemi çoxdandır, 50-60 ildir davam edir. Qışda aylarla arxlara su gəlmir. Gələndə də zir-zibil yığıb gətirir. Bununla bağlı aidiyyəti qurumlara müraciət edilsə də, heç bir nəticə əldə olunmayıb:
“Su çirkli, bulanıq, üfunət iyi verir. Samur çayından gəlir. Deyilənə görə, yuxarıda kənd var, orada hamam suları çaya axıdılır”.
2015-ci ildə kəndə subartezian quyusu qazılsa da, həmin quyudan gələn su da içməyə yararsızdır. O, palçıqlı, qoxulu və şordur.
Kənddə əvvəllər tikilmiş su anbarı da bu vəziyyəti yaxşılaşdırmayıb. Həyətlərdəki kranlara gələn su arxdan gələn su ilə eynidir.
View this post on Instagram