Qubanın Dağlı kəndində 1 aya yaxındır ki, hər gün elektrik təminatında fasilələr yaranır.
Bu barədə Shimal.News-a sakinlər məlumat verib. Onlar bildirir ki, uzun müddət belə çətinliklər olmayıb. Lakin son dövrdə elektrik təminatında bəzən 5-6 saatlıq fasilələr yaranır. Müvafiq quruma müraciətlər isə hər dəfə eyni cavablandırılır: “Təmir işləri aparılır”.
Dağlı kəndi Qubanın yeni, müasir, şəhər mərkəzinə ən yaxın kəndlərindən sayılır. Yerli sakinlər hər hansı xüsusi nəqliyyat vasitəsindən istifadə etmədən, 10-12 dəqiqəyə şəhərin mərkəzinə çox rahatlıqla çata bilirlər. Kənd müasir dövrdə salınsa da, yaxın, ətraf ərazilərdə yaşayış məskənlərinin tarixi azı 5000 il əvvələ gedib çıxır. Dağlı kəndi Quba şəhəri, Qırmızı Qəsəbə, Mirzəməmmədkənd, Qələdüz, Digah, Alpan kəndləri ilə əhatələnib.