Xaçmaz rayonu Qusarcay kəndində elektrik dirəkləri qəzalı vəziyyətdədir.
Shimal.News-a müraciət edən sakinlər bildirib ki, illərdir məsələ ilə bağlı şikayətlərinə baxılmır və tədbir görülmür.
Onlar iddia edirlər ki, dirəklər və naqillər 1994-cu ildə əhalinin şəxsi vəsaiti hesabına çəkilib. Bu gün isə artıq infrastruktur yararsız hala düşüb. Hətta ərazidən yük avtomobilləri keçəndə qısaqapanmalar baş verir.
“Azərişıq” ASC-yə hər il şikayət edilsə də, vəziyyət dəyişilməz olaraq qalır. 2019-cu ildə həmin qurum cavab olaraq bildirib ki, məsələnin həlli üçün 15 metal dirəyin ayrılması gözlənilir.