Uzun illərdir əsaslı təmir üzü görməyən magistral yol bölgə sakinlərini təngə gətirib.
Shimal.News xəbər verir ki, 1960-cı illərdə inşa edilən Yevlax–Zaqatala–Gürcüstan sərhədi magistral yolunun Şəki, Qax və Zaqatala rayonlarından keçən hissəsi son 15–20 ildə istismar müddətini tam başa vurub.
Bu səbəbdən yol boyunca çoxsaylı iri və xırda çalalar yaranıb, hərəkət zamanı güclü nahamarlıq müşahidə olunur. Sürücülər bildirirlər ki, bu vəziyyət bəzən qəza şəraiti də yaradır. Yol üzərindəki körpülərin əksəriyyəti də artıq yararsız vəziyyətə düşüb.
Hər gün bu magistraldan istifadə edən Şəki, Qax və Zaqatala sakinləri narazılıq edirlər. Onların sözlərinə görə, Şəkidən Zaqatalaya qədər olan yarımçıq vəziyyətdəki yol həm vaxt itkisinə, həm də avtomobillərin sıradan çıxmasına səbəb olur.
Qeyd edək ki, magistral yolun ümumi uzunluğu 164 kilometrdir. Onun yalnız 46 km-lik Xaldan–Şəki və 40 km-lik Zaqatala–Balakən–Mazımçay hissəsi yenidən qurulub. Digər hissələr isə hələ də təmirsiz vəziyyətdə qalır.
View this post on Instagram