Ətraf kəndlərə asfalt çəkilsə də, Qasbinə hələ də bu imkanlardan məhrumdur.
Balakən rayonunun Qasbinə kəndinin yolu uzun illərdir təmir olunmadığı üçün yararsız vəziyyətə düşüb. Palçıqlı, lil və su ilə dolu çuxurlar kənd yolunu keçilməz hala gətirib.
Bu barədə Shimal.News-a kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, kənd Yevlax–Zaqatala–Gürcüstan sərhədi magistral yolunun yaxınlığında yerləşir. Əsas yoldan Qasbinəyə qədər olan 3 kilometrlik məsafə və 5 kilometrlik daxili kənd yolları bərbad vəziyyətdədir. Kənddə təxminən 1400 nəfər yaşayır.
Sakinlər bildiriblər ki, bu vaxta qədər kənd yoluna bir dəfə də olsun asfalt örtüyü döşənməyib. Daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin hərəkətinə ciddi maneə yaradır. Yağışlı havalarda isə palçıqlı yolda piyadaların hərəkəti son dərəcə çətinləşir.