Zaqatalanın Aşağı Tala kəndində içməli su əvəzinə krandan qara lil və palçıq axır.
Bizim.Media-nın məlumatına görə, sakinlə içməli su problemindən əziyyət çəkirlər.
Ömər Əfəndi küçəsinin sakinləri bildiriblər ki, son günlər havaların qeyri-sabit keçməsi və yağışların yağması nəticəsində su təminatında fasilə yaranıb. Bu gün isə gələn su istifadəyə yararsızdır.
Vətəndaşların sözlərinə görə, ötən illərdə içməli su problemlərini həll etmək üçün sakinlər öz vəsaitləri hesabına dağlardan gələn suların mənbəyində xüsusi qurğular qurub, boru alaraq xətti yeniləyiblər. Görülən işlər nəticəsində ərazidə yaşayanların su məsələsi həll edilsə də, bu il yazın ilk günlərindən yenidən köhnə problem yaranıb.
Məsələ ilə bağlı Aşağı Tala bələdiyyəsindən bildirilib ki, yağış yağdığı üçün çaylarda sular bulanıb. Eyni zamanda torpaq qatı da sulara qarışaraq belə bir mənzərə ortaya çıxarır. Bələdiyyədən ötən il həyata keçirilən işlərin problemi qismən həll etdiyini desələr də əsas su ötürücü qurğulara ciddi ehtiyac olduğu, bunun isə dövlət tərəfindən həyata keçirilə biləcəyi diqqətə çatdırılıb.