Şabran şəhərinin Niyazi küçəsində illərdir davam edən bir problem sakinlərin səbrini tükədib. Söhbət elektrik xətlərindən və bu xətlərin təhlükəsiz şəkildə qurulması üçün ən əsas infrastruktur elementi – dirəklərdən gedir.
Sakinlərin Shimal.News-a dediklərinə görə, küçədə elektrik dirəkləri yoxdur. Bu səbəbdən onlar illər öncə öz gücləri ilə – kustar üsullarla – elektrik xətləri çəkiblər.
Bu da təkcə onların yox, bütöv məhəllənin həyatını risk altına atıb.
Məsələ təkcə qaranlıqda qalmaq deyil, təhlükənin özüylə yaşamaqdır. Evlərin damlarından, həyətyanı sahələrdən, hətta ağacların budaqlarından asılan elektrik kabelləri həm yanğın, həm də ölümcül qəza riski yaradır. Müxtəlif vaxtlarda aidiyyəti qurumlara – həm Şabran rayon İcra Hakimiyyətinə, həm də "Azərişıq" ASC-yə dəfələrlə müraciətlər edilib. Lakin nəticə yoxdur, şikayətlər ya cavabsız qalıb, ya da "gələn il baxılacaq" cavabı ilə ötüşdürülüb.