Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili Vüqar Babayev mediaya çıxışın qadağan edilməsini istəyib, amma hakimlər vəsatəti təmin etməyib.
Ruhiyyə Məhərrəmovanın vəkili isə müvəkkilinin ev dustaqlığının vaxtının dəyişdirilməsini istəyib, lakin bu da qəbul olunmayıb.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilənlər həkimlərdən iş yerlərinin dəyişdirilməsi və sertifikatlaşdırılması üçün rüşvət alıblar. Zaqatala rayonunda bir şəxsin həkim vəzifəsinə təyin olunması üçün 25 min manat rüşvət alındığı müəyyən edilib. Eyni zamanda, 5 min və 3 min manat məbləğlərdə də rüşvət aıblar.
Cinayətin həcmi böyük olduğundan ittiham aktının oxunması yekunlaşmayıb.
Növbəti məhkəmə iclası dekabrın 4-də davam edəcək.
İbtidai istintaq zamanı müəyyən edilib ki, Səidə Rüstəmova və digərləri vəzifələrindən sui-istifadə edib, rüşvət alıblar və qanunsuz təsir göstəriblər. Onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub. Barələrində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.