Ölkəmizin əksər bölgələrində olduğu kimi Zaqatalada da yay aylarında arı ailələrində başlayan müxtəlif xəstəliklər hələ də davam edir.
Bizim.Media-nın məlumatına görə, nəticədə yüzlərlə arı ailəsi kütləvi qırılıb, tələf olub. Arı ailələrində kütləvi xəstəliklərin yayılması, eləcə də vəhşi arıların basqına məruz qalması arıçıların ciddi narahatlığına səbəb olub.
Son bir neçə ayda arı ailələrində yayılan kütləvi xəstəliklərdən sonra Dağlı kəndinin və ətrafdakı yaşayış məntəqələrinin əksər təsərrüfatlarında çəkilən zəhmətin hədər getməsi arıçıları çətin vəziyyətə salıb, bir ümidsizlik yaranıb. Arıçı Rafiq Abdullayevin təsərrüfatında 90 arı ailəsindən 18-i qalıb.
Arıçı Rasim İlyasov uzun illərin təcrübəsinə əsaslanaraq arı ailələri arasında müşahidə olunan xəstəliklərin ilkin əlamətlərini sadalayıb.
O, deyib ki, arı ailələrində bakteroloji xəstəliklər var ki, bunları gözlə görmək mümkün deyil, yalnız mikroskop altında görə bilirik:
“Yəni bunları tam lobaratoriya təyin edə bilər ki, bu hansı xəstəlikdir və biz ona qarşı hansı dərmanlarla tədbir görə bilək. Bizdə lobaratoriya olmadığına görə bu il arıçılar çox çətin bir vəziyyətdə qaldılar və demək olar ki, arılarımızın 70-80- i faizi məhv olub”.
Qeyd edək ki, Zaqatala rayonunda 2 minə yaxın təsərrüfatçı arıçılıqla məşğul olur. Rayonun arıçılıq təsərrüfatlarında arı ailələrinin sayı isə 40 minə yaxınlaşır.