Şamaxı rayonunun Həmyəli kəndində kişi qayınını döyüb.
Oxu.az-ın məlumatına görə, kənd sakini Cəmil Qafarlı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisədən Cəmilin qayını Beydulla xəbər tutub və o, yeznəsi ilə bu barədə söhbət etmək istəyib.
Beydulla bu məqsədlə yeznəsinə zəng vuraraq, onu görüşə çağırıb. O, Cəmilə kənddəki "Tayva" adlanan əraziyə gəlməsini istəyib, o da razı olub.
Onlar axşam saatlarında həmin yerdə görüşüblər. Beydulla yeznəsinə bacısını incitməməyi tapşırıb. Cəmil isə ona ailə işlərinə qarışmamağı məsləhət görüb.
Bu zaman tərəflər arasında gərginlik yaranıb. Beydulla Cəmilin yaxasından tutaraq, ona hücum etməyə cəhd göstərib.
Cəmil isə özünü müdafiə edərək, qayınını sifət və ağız nahiyəsindən vurub.
Nəticədə Beydullanın çənə və ağız hissəsi xəsarət alıb, o, huşunu itirib.
Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, Cəmil Qafarlı saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Şamaxı Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, yeznə ilə qayın barışıb. Buna görə də cinayət işinə xitam verilib.