Xaçmaz rayonunda təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Nağıoba kəndi də əlavə olunub.
Shimal.News xəbər verir ki, 91 abonenti olan kəndin qazlaşdırılması üçün 9 min metrə yaxın müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 ədəd qaz tənzimləyici şkaf quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, “Socar” “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
E.Rzayev bildirib ki, Xaçmaz rayonunda kəndlərin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. İlin sonunadək bir neçə yaşayış məntəqəsinin də mavi yanacaqla təmin olunması nəzərdə tutulub.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.
