Xaçmaz rayonunun Nabran ərazisinə daxil olan Seyidli kəndində antisanitar vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.
Kənd sakinlərinin Shimal.News-a verdiyi məlumata görə, ərazidə zibil qutuları yoxdur, küçələrdə toplanan tullantılar isə vaxtında daşınmır.
Şikayətçilər bildirirlər ki, qəsəbəyə gələn təmizlik briqadaları yalnız simvolik şəkildə çalışır:
“Gəlirlər, guya təmizləyirlər, amma cəmi 20 faiz tullantını yığırlar, qalanı elə küçələrdə qalır. İsti havada da ətrafı zibil iyi bürüyür, maşınlar da küçələrdə rahat hərəkət edə bilmir”.
Sakinlər deyirlər ki, bu vəziyyət təkcə əsas küçələri deyil, bütün yan yolları da əhatə edir. Onların sözlərinə görə, zibil dağları təkcə mənzərəni korlamır, eyni zamanda sağlamlıq üçün təhlükə yaradır.
“Evimizin qarşısı dözülməz vəziyyətdədir. Dünən şəkil çəkmişdim, bu gün səhər bir daha keçdim – vəziyyət daha da bərbadlaşıb. Zibillər artıq yolun ortasında idi,” – deyə vətəndaşlardan biri bildirib.
Sakinlər aidiyyəti qurumlara çağırış edərək ərazidə daimi zibil qutularının yerləşdirilməsini və təmizlik işlərinin real şəkildə həyata keçirilməsini tələb edirlər.