Qış aylarında sayğaclar və magistral paylayıcı şəbəkələrdə donvurmalar da müşahidə edilə bilir. Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunsun, ya da torpaq altına keçirilsin.
Report.аz-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
“Həmçinin fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərinin isti materiallardan olan örtük və quru ağac yonqaları ilə əhatə olunması tövsiyə edilir", - deyə açıqlamada qeyd olunub.