Ölkə ərazisində sürüşmə sahələrinin dəqiqləşdirilməsi, onların koordinat və sərhədlərinin müəyyənləşdirilməsi məqsədilə 2024-cü ildən aparılan genişmiqyaslı tədqiqat işləri artıq yekunlaşıb.
News24.az-ın məlumatına görə, bu barədə Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev məlumat verib. Qurum rəhbərinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində ümumilikdə 146 lokal sürüşmə sahəsi bütün parametrlər üzrə dəqiqləşdirilərək xəritələnib. Hazırda həmin məlumatların normativ-hüquqi sənədləşməsi və dövlət orqanlarında təsdiqi prosesi davam edir.
Məsələ ilə bağlı Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov bildirib ki, son zamanlar Cənubi Qafqazın şimal-şərq yamaclarında – Quba, Qusar, Şabran rayonları ərazisində də sürüşmələr fəallaşıb:
“Son araşdırmalarımız göstərdi ki, yollarda çökmə təhlükəsi var. Quba-Xınalıq istiqamətində 15-dən çox aktiv sürüşmə zonası mövcuddur. Qusar rayonunda isə Laza ərazisi ən aktiv sürüşmə zonası kimi qeyd olunur. Orada müşahidələr aparmışıq və nəticəmizə əsasən, təhlükənin qarşısını almaq üçün tədbirlər görülməlidir".