Ötən həftə İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Həmin gün ard-arda 2 dəfə silkələnmə müşahidə olunub.
Modern.az-ın məlumatına görə, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev daha ciddi təkanların baş verib-verməyəcəyinə dair proqnozlardan danışıb:
“İsmayıllı və Şamaxı əraziləri Azərbaycanın seysmik cəhətdən ən aktiv zonalarından biri hesab olunur. Bu geniş sahə təkcə seysmik deyil, həm də tektonik aktiv zona kimi səciyyələnir.
Tarixə nəzər salsaq, Şamaxı-İsmayıllı bölgəsində 1667-ci ildə baş verən məşhur Şamaxı zəlzələsi və 1902-ci ildəki dağıdıcı təkanlar həmin ərazinin seysmik tarixində mühüm yer tutur. Sonrakı illərdə Basqal və ətraf kəndlərdə də oxşar zəlzələlər qeydə alınıb. Müasir dövrdə, xüsusilə 2019-cu ildə bu bölgədə müəyyən dərəcədə dağıdıcı təkanlar müşahidə olunub”.
Seysmoloqun sözlərinə görə, hadisə zamanı Ağsu, Şamaxı və İsmayıllı şəhərlərində də zəlzələnin təsiri hiss edilib:
“Bu ərazi ümumilikdə Azərbaycanın ən aktiv seysmik zonalarından biri sayılır. Mən hər zaman müsahibələrimdə qeyd etmişəm ki, Qazax, Şəki, Oğuz və Qəbələ zonaları da seysmik baxımdan aktiv bölgələr sırasındadır.
“Ciddi təkanlar gözlənilirmi” sualına gəlincə, bu mərhələdə güclü və dağıdıcı zəlzələ ehtimalı istisnadır. Lakin bölgədə baş verən proseslərə diqqətlə yanaşmaq vacibdir. Diqqətçəkən məqamlardan biri odur ki, son zəlzələ səthə yaxın baş verib və 3 maqnitudadan bir qədər güclü olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, bu, səthə yaxın təkan kimi qeydə alınıb”, - deyə o əlavə edib.
Q.Babayev, eyni zamanda vurğulayıb ki, Şamaxı-İsmayıllı ərazisi müəyyən qədər aktivləşib: “Zəlzələləri dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, demək olar ki, bu zona son hadisələrlə bir qədər seysmik baxımdan aktivləşdi. Ehtimal etmək olar ki, Şamaxı, Basqal və ətraf kəndlərdə də yeni, hiss olunan təkanlar qeydə alına bilər”, - deyə Q.Babayev bildirib.