Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Qəbələ, Bakı-Siyəzən, Sumqayıt-Kürdəmir, Gəncə-Zaqatala, Bərdə-İsmayıllı, Şəki-Oğuz, Mingəçevir-Şəki, Qazax-Şəki, Balakən-Zaqatala şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan Shimal.News-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 29 may saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən
Bakı-Qəbələ, Bakı-Siyəzən və Gəncə-Zaqatala istiqamətlərində 6 Lot üzrə iyunun 17-də;
Bərdə-İsmayıllı, Şəki-Oğuz və Mingəçevir-Şəki istiqamətlərində 5 Lot üzrə iyunun 20-də;
Qazax-Şəki və Balakən-Zaqatala istiqamətlərində 5 Lot üzrə iyunun 24-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.