Şabran şəhərinin şəhid Hikmət Qasımov küçəsi 10 gündən çoxdur su içindədir. Buna səbəb isə partlamış yanğın hidrantıdır.
Shimal.News-a müraciət edən sakinlərin sözlərinə görə, içməli su fasiləsiz şəkildə küçəyə axır, nəticədə həm su israf olunur, həm də küçə keçilməz hala gəlib.
Məsələ təkcə texniki nasazlıqla bitmir. Əsl problem aidiyyəti qurumların bu vəziyyətə göz yummasıdır.
Vətəndaşlar bildirirlər ki, dəfələrlə Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə, eləcə də digər məsul qurumlara müraciət etsələr də, heç bir tədbir görülməyib.
“Yol bataqlığa dönüb, işə palçıq içində gedirik. Bu su içməli sudur, günlərlə boş yerə axır. Dünyanın şirin suya ehtiyac duyduğu bu dövrdə belə məsuliyyətsizlik hiddət doğurur”, - deyə küçə sakinlərindən biri vurğulayıb.