Şabran şəhərində antisanitar vəziyyətlə bağlı Rayon İcra Hakimiyyəti (RİH) acıqlama verib.
Shimal.News xəbər verib ki, Məhəmməd Əsədov küçəsindəki zibillik böyük əraziyə yayılıb və xoşagəlməz vəziyyət yaranıb.
Buna cavab olaraq Şabran RİH açıqlama verib:
“Bildiririk ki, sözügedən ərazidə ətraf küçələrdə yaşayan sakinlər tərəfindən məişət tullantılarının atılması səbəbindən mövcud vəziyyət yaranıb. Ərazi hal-hazırda tullantılardan tam təmizlənib.
Qeyd edək ki, atılan tullantıların Yaşıllıq və Təmizlik İdarəsi tərəfindən yığılması məqsədilə çayın piyada körpüsünün digər tərəfində bu məqsədlə ayrılmı xüsusi yer vardır. Sakinlərlə bu mövzuda maarifləndirmə işi aparılıb və məişət tullantılarının atılması üçün müəyyən olunmuş ərazi olduğu izah olunub“.
Bununla belə, bu gün Shimal.News-un araşdırması müəyyən edib ki, sözügedən ərazi təmizlənməyib. Əldə edilən video görüntü vəziyyətin dəyişilməz olaraq qaldığını sübut edir.