Qusar Rayon Mərkəzi Xəstəxanasında qrip əleyhinə peyvəndlənmə aksiyası həyata keçirilib.
Shimal.News-un məlumatına görə, aksiyanın keçirilməsində məqsəd tibb işçilərinin infeksion xəstəliklərə qarşı davamlılığını artırmaq və sağlam iş mühitinin formalaşdırılmasına töhfə verməkdir. Xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Bu cürə tədbirlər həm səhiyyə sahəsində çalışan əməkdaşların, həm də əhalinin sağlamlığının qorunması istiqamətində mühüm əhəmiyyət daşıyır.
Qusar Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) tərəfindən Rayon Mərkəzi Xəstəxanasına (RMX) ümumi olaraq 600 doza qrip əleyhinə vaksin verilib. Hər doza bir nəfər üçün vurulması nəzərdə tutulub. 130 doza Mərkəzi Ailə Sağlamlıq Mərkəzində vurulub. Qalan peyvəndlər isə Həzrə, Samur Ailə Sağlamlıq Mərkəzlərinə (ASM) və Kənd Həkim məntəqələrinə paylanılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qripə qarşı vaksinasiya Bakı və regionlarda ərazi üzrə ilkin səhiyyə xidməti göstərən TƏBİB tabeli tibb müəssisələrində 8 oktyabr tarixindən həyata keçirilir.