Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına və terrora açıq çağırışlar edən 25 yaşlı Qusar sakini Kamran Tahircalının məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tarix müəllimi kimi çalışan K. Tahircalı 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, Kamran Qusar kəndlərindən birində yerləşən hərbi hissənin fotosunu çəkərək üzvü olduğu “Viridünyadin Lezqiyar” (“Bütün dünyanın ləzgiləri”) adlı "WhatsApp" qrupuna göndərib. O, mesajlarında həmin hərbi hissənin guya “Ləzgistan dövlətinə birləşdirilməsi” məqsədilə partladılmasına dair açıq çağırışlar edib.
Məhkəmədə ifadə verən Kamran bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında ali təhsil alıb və 2023-cü ilin noyabrından Qusar rayonunda müqavilə əsasında tarix fənnini Azərbaycan dilində tədris edib.
Təqsirləndirilən şəxs deyib ki, qrupda “gəlin hərbi hissəni partladaq” yazaraq şəkli paylaşıb, lakin bir müddət sonra qrupdan çıxıb. O, bunu “özünü göstərmək üçün etdiyini”, real niyyətinin olmadığını və törətdiyi əməldən peşman olduğunu bildirib.
Məhkəmə K. Tahircalını Cinayət Məcəlləsinin 214.2 (terrorçuluğa çağırış) və 281.2 (dövlət əleyhinə çağırışlar) maddələri üzrə təqsirli bilib.