Quba rayonunun Təngəaltı kəndində su problemi ildən-ilə daha da dərinləşir.
Shimal.News-a müraciət edən sakinlərin sözlərinə görə, xüsusilə kəndin giriş hissəsində su tamamilə yoxdur. Əhali illərdir bu problemi dilə gətirsə də, hələ də köklü həll tapılmayıb.
Kəndin yalnız yuxarı hissəsində – Təngə dərəsi istiqamətində yerləşən bir neçə evin yaxınlığında bulaq olsa da, sakinlər bildirirlər ki, bu mənbələr də yay aylarında quruyur. Kəndin giriş hissəsində yaşayan insanların 95 faizi isə içməli və məişət suyuna olan ehtiyacını pulla, maşınlar vasitəsilə ödəməyə məcbur qalır.
“Yayda vəziyyət daha da ağırlaşır. Maşınla su alırıq, 30-35 manat ödəyirik. İnanın Allaha daha pul çatdıra bilmirik”, – deyə kənd sakinləri bildirirlər.
Vətəndaşlar aidiyyəti qurumlardan məsələyə təcili şəkildə müdaxilə olunmasını və uzunmüddətli, dayanıqlı həll yolunun tapılmasını tələb edirlər.