Bu gün şəhidlər Afər Orucov, Samir Süleymanov, Orxan Ömərov və Seymur Qocayevin anım günüdür.
Afər Orucov
Afər Yafət oğlu Orucov 1996-cı il martın 13-də Quba rayonunun Aşağı Atuc kəndində anadan olub. 2001-2013-cü illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbdə təhsil alıb. Subay idi.
O, 2014-2015-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Müddətdən artıq xidmətini Azərbaycanın Daxili Qoşunlarında "çavuş" rütbəsiylə edib.
Çavuş Afər Orucov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Afər Orucov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Samir Süleymanov
Samir Çingiz oğlu Süleymanov 9 mart 1998-ci ildə Qubada anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Samir Süleymanov 7 noyabrda Xocavənd Şəxər kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
O, ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Orxan Ömərov
Orxan İmran oğlu Ömərov 1991-ci il oktyabrın 17-də Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Quba rayon Qonaqkənd qəsəbə tam orta məktəbində təhsil alıb.
O, 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. 2013-cü ildən Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Orxan Ömərov Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Orxan Ömərov ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Seymur Qocayev
Seymur Mahir oğlu Qocayev 29 yanvar 1996-ci ildə Quba rayon Bağbanlı qəsəbəsində dünyaya gəlib.
Seymur Qocayev Xüsusi Təyinatlı Qüvvələrin tarix yazaraq şəhadətə yüksələn kəşfiyyatçılarından biri olub. Seymur, Murovdağ zirvəsi, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə, eləcə də Hadrut qəsəbəsinin düşməndən azad olunmasında böyük şücaət göstərib.
O, noyabrın 7-də Şuşa uğrunda döyüşlərdə özü də şəhid olur.
Seymur Qocayev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanı azad olunmasına görə" və ”Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.