Qubadan olan gənclər Kənan Eldarov və Fəridə Allahverdiyeva ZEUPH layihəsi ilə “Green and Digital Silk Road - Startup School 3” beynəlxalq akselerasiya proqramında böyük uğura imza atıblar.
Shimal.News-un məlumatına görə, yüzlərlə müraciət arasından seçilərək final mərhələsində iştirak edən cütlük, layihələrini beynəlxalq investorlar və texnologiya liderləri qarşısında təqdim edərək ən perspektivli 7 startup sırasında yer alıblar.
ZEUPH layihəsi 2025-ci ildən etibarən inkişaf etdirilən və müasir proqram təminatını kod yazıldığı andan “production” mərhələsinə qədər süni intellekt vasitəsilə avtomatik qorumağı hədəfləyən yeni nəsil kiber təhlükəsizlik platformasıdır. Layihə real vaxt kod analizi, CI/CD proseslərində zəifliklərin aşkarlanması və işləyən sistemlərin AI əsaslı müdafiəsini təmin edir.
“Green and Digital Silk Road - Startup School 3” beynəlxalq akselerasiya proqramı rəqəmsal transformasiya, innovasiya və süni intellekt sahəsində fəaliyyət göstərən startapları bir araya gətirən genişmiqyaslı təşəbbüsdür. Bu il proqram 13 ölkədən 140 müraciət qəbul edib, 126 startup təlim və mentorluq mərhələsinə keçib.