Uniser Education və Landau School-un təşkilatçılığı ilə iki mərhələ üzrə keçirilən IV Respublika Müəllimlərarası “Zəfər Olimpiadası - 2025” müsabiqəsində Quba rayonunu təmsil edən müəllim Orxan Bayramov yüksək nəticə əldə edib.
Shimal.News-un məlumatına görə, 19 oktyabr 2025-ci ildə baş tutan birinci mərhələ və 2 noyabr 2025-ci ildə keçirilən final mərhələsinin yekunlarına əsasən o, Riyaziyyat fənni üzrə II yerin qalibi olub.
Olimpiada Vətən müharibəsinin 5-ci ildönümünə və görkəmli alim, akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunub.
Orxan Bayramov 25 fevral 1995-ci ildə Quba rayonunun Yenikənd kəndində anadan olub. İlk təhsilini də həmin kəndin orta məktəbində alıb.
O, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alıb.
Orxan Bayramov hazırda Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə riyaziyyat müəllimi kimi çalışır.