Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabın 7-si hərbi qulluqçuları təltif edib.
Qafqazinfo.az-ın məlumatına görə, onlar arasında ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunanlar var:
Aqşin İsmayıl oğlu Abdullayev – mayor (ölümündən sonra);
2017-ci ildə fevral döyüşləri zamanı şəhid olub. 1982-ci il təvəllüdlü, Şəki rayonunun Kiş kəndində dünyaya gəlib. Ailəli idi və üç övladı var idi.
Sahil Həsrət oğlu Şirinov – leytenant (ölümündən sonra);
1992-ci ilin 24 iyun tarixində Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Orxan Kazım oğlu Hümmətov – gizir (ölümündən sonra);
1992-ci ilin 4 aprel tarixində Şəki rayonunun Kiş kəndində anadan olub. Gizir Orxan Hümbətov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Babək Vəfadar oğlu Abidov – kiçik gizir (ölümündən sonra);
1992-ci ildə Şabran rayonunun Zeyvə kəndində anadan olub. O, 2 aprel 2016-cı ildə Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində qəhrəmancasına şəhid olub. Ölümündən sonra o, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Sərxan Oqtay oğlu Bayramov – kiçik gizir (ölümündən sonra);
2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. O, 1993-cü ildə Zaqatala şəhərində anadan olub və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Həmçinin, Zaqatala şəhərində küçələrdən biri onun adını daşıyır.
Ravil Elman oğlu Novruzov – kiçik gizir (ölümündən sonra);
1986-cı ildə Xızı rayonu Giləzi qəsəbəsində doğulub. Aprel döyüşləri şəhididr.
Elvin Sədrəddin oğlu Qayıbov – əsgər (ölümündən sonra);
Elvin Qayıbov 1989-cu ilin 26 dekabrında Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. Elvin Qayıbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-i isə Elvin Qayıbov Xaçmaz rayonunun Əbilyataq kəndində son mənzilə yola salındı. Elvin Qayıbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.
Elvin Azadxan oğlu Mirzəyev – əsgər (ölümündən sonra);
Elvin Mirzəyev 1994-cü il 13 fevralda Xaçmaz şəhərində anadan olub. Əsgər Elvin Mirzəyev, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da isə Elvin Mirzəyev, doğulduğu Xaçmaz şəhərində son mənzilə yola salınıb. Elvin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Rəvan İsmayıl oğlu Nurayev – əsgər (ölümündən sonra);
1997-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olub və 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan təmas xəttindəki döyüşlər zamanı şəhid olub. O, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib və Zaqatala rayonunun Muxax kəndində dəfn olunub.
Vüqar Natiq oğlu Süleymanov – əsgər (ölümündən sonra);
20 yanvar 1993-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub və 2 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. O, Bakı Slavyan Universitetini bitirib və hərbi xidmətini yerinə yetirərkən həlak olub.
Mikayıl Yaqub oğlu Vahabzadə – əsgər (ölümündən sonra);
Aprel döyüşlərində şəhid olub. O, 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində doğulub.
2011-ci ildə Yeniyol kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə daxil olub və 2015-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Şəhid Vahabzadə 2-5 aprel 2016-cı il tarixlərində gedən döyüşlərdə Vətən uğrunda canından keçmiş və doğulduğu Maçaxı kəndində dəfn edilib.
Nadir oğlu Nazim – əsgər (ölümündən sonra) təltif edilib.
1997-ci ildə Şamaxı şəhərində anadan olub və 2016-cı ildə aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində şəhid olub. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Şəhid 2016-cı il aprelin 9-da Şamaxı Şəhidlər Xiyabanında dəfn edilib.