İsmayıllının Basqal qəsəbəsində simvolik küçələrdən biri – Dəmirçi Bazar küçəsi tam bərpa olunaraq istifadəyə verilib.
Shimal.News məlumat verir ki, layihə bərpa işləri çərçivəsində icra olunub.
Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, küçədə həm yol örtüyü, həm də tarixi memarlıq elementləri yenidən qurulub:
“Dəmirçi Bazar küçəsində döşəmə daşları tamamilə yenilənib, tarixi divarlar restavrasiya edilib. Artıq küçə tam açıqdır, turistlərin rahat gəzə bilməsi üçün hər cür şərait yaradılıb”.
Onun sözlərinə görə, bütün işlər tarixi üsluba sadiq qalınmaqla aparılıb:
“Divarların strukturu yenidən orijinal formaya gətirilib, küçə boyunca işıqlandırma sistemi dəyişdirilib. Məqsəd – Basqalın qədim ruhunu qorumaq, amma müasir infrastrukturu da təmin etməkdir”.