“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ADY-dən Shimal.News-a verilən məlumata görə, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilir, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilir.
Sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətdə reyslər təşkil ediləcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək. 8 noyabrdan başlayaraq həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.
Bayram günlərində Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılacaq. Belə ki, 7 noyabrda Bakıdan Balakənə hərəkət edən qatara 7 əlavə vaqon, 9 noyabrda Balakəndən hərəkət edən qatara 1 əlavə vaqon, 10 noyabrda isə Balakəndən hərəkətə başlayacaq qatara 4 əlavə vaqon qoşulacaq. Ümumilikdə bu marşrut üzrə qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edir. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.