Şimal bölgəsində mal-qara arasında dabaq xəstəliyinin sürətlə yayılması müşahidə olunur.
Shimal.News-a danışan fermerlərin sözlərinə görə, heyvanlar ikinci və hətta üçüncü dəfə bu xəstəliyə yoluxur, tələf olanların sayı isə artır.
“Bundan əvvəl deyirdilər ki, mal-qara bu xəstəliyi bir dəfə keçirir və immunitet yaranır. Bu, doğru deyil. Dərman da, vaksin də təsir etmir, quzularımız tələf olur. 20 ildir maldarlıqla məşğulam, belə hal görməmişəm”, – deyə sahibkarlar bildirirlər.
Bundan əlavə, xəstəliyin yayılmasının qarşısını almaq üçün mal-qaranı qapalı şəraitdə saxlamağa məcbur olan fermerlər böyük maddi ziyan çəkdiklərini vurğulayırlar. Onların sözlərinə görə, əvvəllər 2 manata satılan ot tayı hazırda 5–7 manat arasında dəyişir.