Quba rayonunda həmkəndlilər arasında mübahisə dava və məhkəmə ilə bitdi.
Demokrat.az-ın məlumatına görə, hadisə Qımılqışlaq kəndində mayın 5-də, saat 23:00 radələrində baş verib.
38 yaşlı Elxan həmkəndlisi Vaqifə (adlar şərtidir – red.) xəsarət yetirib. Nəticədə ona Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dostunun övladının ad günü məclisində spirtli içki qəbul edib və sonra kənddə yerləşən çay evinə bilyard oynamağa gedib:
“Bilyard oynayanda Vaqif sərxoş vəziyyətdə çay evinə girdi. Mənim qarşıma keçərək “burada kişi var?” deyə sual verdi. Öz növbəmdə ona “sənə kişi lazımdır?” deyə cavab verdim. Mübahisəni davam etdirməkdən ötrü heç kimin olmadığı yerə, çölə çıxdıq. Orada aramızda dava oldu. Mübahisə bitdikdən sonra Vaqif yaşadığı evə getdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra evinin qarşısında səs-küy gəldiyini eşidərək çölə çıxıb: “Çölə çıxanda səs salan şəxsin Vaqif olduğunu gördüm. Təkrar onunla aramızda söz mübahisəsi baş verdi”.
İş üzrə zərərçəkmiş Vaqifin sözlərinə görə, mayın 5-də Xaçmaz şəhərinə kredit borcunu ödəmək üçün gedib: “Daha sonra axşam yaşadığım əraziyə qayıtmaq üçün Xaçmaz şəhərindən taksi ilə gələrək kənddə yerləşən çay evinin qarşısına çatdım. Maşından düşərək çay içmək üçün çayxanaya girdim. Bu zaman orada həmkəndlim Elxanı gördüm. Onun qabağına keçərək, “burada kişi var” deyə bildirdim. Bu sözü Elxanın mənə borcu olduğuna, lakin ödəmədiyinə görə dedim”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu halı nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib.