Azərbaycana gələn turistlərin 80 faizindən çoxu paytaxt Bakı şəhərinə üstünlük verir. Bu isə o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən yalnız 20-si paytaxtdan kənara - bölgələrə üz tutur.
Shimal.News xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, bu ilin ilk doqquz ayında turistlərin ən çox üstünlük verdiyi ikinci rayon Qusar olub. Azərbaycana gələn turistlərin 6,4 faizi həmin rayonda qalıb. Ümumilikdə, turistlərin 4,2 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,6 faizi Şamaxıda, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda gecələyib.
Vüqar Bayramov qeyd edib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında turistlərin keçirdiyi ümumi gecələmə sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq 1 milyon 937 minə çatıb. Gecələmələrin ümumi sayının 14,1 faizi Hindistan, 10,9 faizi Rusiya, 9,1 faizi Səudiyyə Ərəbistanı, 8,7 faizi Türkiyə, 4,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,6 faizi İsrail, 3,6 faizi Pakistan, 3,5 faizi ABŞ, 3,5 faizi Çin, 3,2 faizi Özbəkistan, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,3 faizi Böyük Britaniya, 1,2 faizi Almaniya, 1 faizi İtaliya, 0,8 faizi Gürcüstan, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,6 faizi Ukrayna və 21,2 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb.
Deputat bildirib ki, bölgələrimiz xarici turist cəlb etmək baxımından hələ də paytaxt hotelləri ilə rəqabətdə geri qalır. Paytaxtın infrastruktur üstünlüyü nəzərə alındıqda bu, müəyyən qədər təbii sayılsa da, bölgələr üzrə gecələmə göstəriciləri ilə paytaxt arasındakı fərq xeyli böyükdür.
“Bundan başqa, əksər rayonlarda turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalır, keyfiyyət isə hələ də beynəlxalq standartlara cavab vermir. Bu isə onu göstərir ki, bölgələrin turizm potensialının artırılması, xidmət keyfiyyətinin yaxşılaşdırılması və xarici turistlərin daha çox cəlb edilməsi üçün sistemli tədbirlərə, eləcə də dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var,” - deyə deputat qeyd edib.