Qax şəhərinin Osman Sarıvəlli küçəsində aparılan, lakin yarımçıq qalan təmir işləri yerli sakinlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı Shimal.News-a danışan sakinlərin sözlərinə görə, illər əvvəl küçənin səkilərində müəyyən təmir işləri aparılsa da, proses yarımçıq saxlanılıb.
“Bir neçə gün öncə də eyni ərazidə yenidən təmir işlərinə başlanılıb. Ancaq bu dəfə də işlər tamamlanmadan yarımçıq dayandırılıb.
Belə ki, təmir işlərini aparan briqadalar əvvəlcə su arxlarının çəkilməsi və küçənin asfaltlanması məqsədilə işə başlasa da, işlər tamamlanmadan ərazini tərk ediblər. Biz bu ərazidə yaranan toz-torpaq və çökəkliklərdən narahatıq”,- deyə sakinlər bildiriblər.
Onlar aidiyyəti qurumlardan problemin araşdırılaraq təmir işlərinin tam şəkildə başa çatdırılmasını istəyirlər.